Laçında keçirilən Zirvə görüşü üç qardaş dövlətin müasir dünyaya verdiyi güclü siyasi, mənəvi və strateji mesajdır.

28
May – Azərbaycan tarixində müstəsna önəm daşıyan bir gündür. 1918-ci ildə
yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik
respublika kimi tarixə düşdü. Bu əlamətdar gündə– 28 may 2025-ci ildə Prezident
İlham Əliyevin işğaldan azad olunmuş Laçın şəhərində etdiyi çıxış həm tarixi
yaddaşın təntənəsi, həm də yeni reallıqların bəyanı oldu. Türkiyə və Pakistan
liderlərinin də iştirak etdiyi bu tədbir yalnız bayram xarakteri daşımırdı –
bu, həm də Azərbaycanın müasir dünyaya verdiyi güclü siyasi, mənəvi və strateji
mesajdır. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər təkcə keçmişin
qiymətləndirilməsi deyil, eyni zamanda gələcəyə inamın, milli gücün və
qardaşlıq münasibətlərinin bariz ifadəsi kimi tarixə yazıldı. Dövlət başçısının
vurğuladığı kimi, 30 il erməni işğalında olan Laçının azad edilməsi və bu şəhərdə
qardaş ölkələrin liderlərinin bir araya gəlməsi güclü simvolik məna daşıyır. 44
günlük Vətən müharibəsində Türkiyə və Pakistanın verdiyi siyasi və mənəvi dəstək
xalqımıza əlavə güc, inam və iradə qazandırmışdı. Bu dəstək heç zaman
unudulmayacaq və bu tədbir həmin həmrəyliyin real nəticəsidir. 2020-ci ilin payızında
başlanan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığı və dövlətin
strateji planlaması nəticəsində şanlı Qələbə ilə başa çatdı. Müharibə ərzində
300-dən çox yaşayış məntəqəsi azad edildi. Şuşanın azad olunması isə Zəfərin
zirvəsi oldu. Ermənistan məğlubiyyətini qəbul edərək kapitulyasiya aktına imza
atmağa məcbur qaldı. Nəticədə Laçın, Kəlbəcər və Ağdam bir güllə atılmadan Azərbaycana
qaytarıldı. 2023-cü ildə keçirilmiş qısamüddətli antiterror əməliyyatı isə dövlət
suverenliyimizin tam bərpa olunması ilə nəticələndi. Bu əməliyyat separatizmin
kökünü birdəfəlik kəsdi və ölkədə vahid hüquqi idarəetməni bərpa etdi.
Bu
tarixi nailiyyətlər təkcə silah gücü ilə deyil, həm də milli ruh, vətənpərvərlik
və xalq-iqtidar birliyi ilə mümkün olmuşdur. Prezident İlham Əliyev çıxışında
vurğuladı ki, müstəqil, torpağına bağlı, milli dəyərlərlə tərbiyə olunan gənc nəslin
yetişdirilməsi bu Qələbənin mənəvi dayaq nöqtəsidir. Bu gün Azərbaycanın gəncləri
təkcə silahlı mübarizədə deyil, həm də elm, iqtisadiyyat və diplomatiya sahəsində
ölkəmizin maraqlarını uğurla qoruyur.
Dövlət
başçısının çıxışında vurğulandığı kimi, Azərbaycanın işğaldan azad olunmuş
torpaqlara qayıdışı sadəcə fiziki deyil, həm də mənəvi və tarixi baxımdan əvəzsiz
hadisədir. “Biz qayıtmalıydıq və qayıtmışıq” sözləri bu xalqın iradəsinin, səbrinin
və haqlı mübarizəsinin simvoluna çevrilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur
bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Prezidentin çıxışını yekunlaşdıran sözlər dövlət strategiyasının, milli
birliyin və gələcəyə olan inamın ifadəsidir. Azərbaycan qalib dövlətdir, onun
xalqı qalib xalqdır və bu qələbə yalnız torpağın deyil, həm də ədalətin, milli
qürurun və tarixi haqların bərpasının simvoludur.
İsmayıl
İbrahimov,
Yeni
Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



