Azərbaycanın enerji siyasəti artıq sadəcə resurs deyil, strateji və mənəvi məsuliyyətdir.

Bu
gün dünya enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri dilemması ilə üz-üzədir.
Yaşıl keçid, alternativ mənbələrə inteqrasiya və karbon emissiyalarının azaldılması
artıq təkcə ekoloji məsələ deyil – bu, geosiyasi reallığın yeni üzü, iqtisadi
sabitliyin təməlidir. Məhz belə bir qlobal çağırışlar fonunda Azərbaycan öz
strateji rolunu daha da möhkəmləndirərək COP29-a ev sahibliyi etməklə dünyaya
yeni mesaj verdi: "Bəli, biz enerji dövlətiyik, amma biz həm də məsuliyyət
daşıyan sivil dövlətik."Neft və qazla zəngin olan ölkənin xarici
investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi
nümayiş etdirir.” Bu həm də yaşıl gücün arxasında möhkəm iqtisadi dayağın
olduğunu göstərir. Bəli, Azərbaycan neft və qazla inkişaf edən ölkədir. Ancaq
bu fakt onu ekoloji çağırışlardan uzaqlaşdırmayıb. Əksinə, cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yaşıl enerji potensialını milli təhlükəsizlik
və strateji prioritet kimi qəbul edib. COP29 çərçivəsində 6,5 giqavat həcmində
yaşıl enerji istehsalı gücü planlaşdırılır. Bu isə Azərbaycanın elektrik
enerjisinə artan tələbatını əsasən bərpaolunan mənbələr hesabına ödəməsinə
imkan verəcək. Bu strategiya, həmçinin qaz ixracatında daha çox pay ayırmağa,
dünya bazarında rolumuzu artırmağa xidmət edir. Cənab Prezident bunu belə ifadə
etdi: “Bərpaolunan enerji hesabına bir neçə milyard kubmetr qaza qənaət ediləcək
və bu həcm ixrac oluna biləcək.” Onu da deyim ki, COP29 Bakının qlobal enerji
diplomatiyasında zirvə nöqtəsi oldu. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri
təkcə diplomatik uğur deyil, həm də ekoloji ədalət çağırışına konkret cavabdır.
Cənab Prezidentin çıxışında vurğuladığı kimi, bu tədbir populist şüarların
deyil, praqmatik siyasətin simvoluna çevrildi: “Biz populizmdən, yalançı
narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının
praqmatik hesablamalarına əsaslanır.”
Azərbaycan
burada tarazlıq modeli təqdim etdi. Neft və qaz hasilatını dayandırmadan, eyni
zamanda yaşıl enerji sektorunu genişləndirərək, inkişaf etməkdə olan dövlətlərin
qarşısında real alternativlər qoydu. Bu gün həm də Şimaldan Cənuba qlobal
dialoqla yanaşı bir etimad körpüsü də qurulub. COP29-un ən böyük nailiyyətlərindən
biri cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qlobal Şimal və Qlobal Cənub
arasında körpü” qurmaq oldu. Bu, sadəcə siyasi ritorika deyil. İtki və Zərər
Fondunun yaradılması, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi
və 300 milyard dollara qədər yardımın nəzərdə tutulması, Azərbaycanın yalnız öz
milli maraqlarını yox, həm də bəşəri dəyərləri müdafiə etdiyini göstərdi. Azərbaycan
bir daha sübut etdi ki, enerji siyasəti yalnız boru kəmərləri və neft müqavilələri
ilə ölçülmür. Bu, həm də humanitar məsuliyyət, ekoloji ədalət və beynəlxalq həmrəyliyin
bir formasıdır. “Bakı Enerji Həftəsi” geosiyasətin yeni platforması kimi də
qiymətləndirilə bilər. “Bakı Enerji Həftəsi” artıq təkcə texnoloji nailiyyətlərin
deyil, həm də siyasi mövqelərin, strateji tərəfdaşlıqların təqdim olunduğu
qlobal platformaya çevrilib. 39 ölkədən 267 şirkətin iştirak etdiyi bu tədbir
Azərbaycanın enerji diplomatiyasına olan beynəlxalq inamın təcəssümüdür.
Xüsusilə qeyd edilməlidir ki, bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər
təşkil edir. Bu isə beynəlxalq kapitalın Azərbaycana artan marağının göstəricisidir.
Xarici şirkətlərin 70 faizlik üstünlük təşkil etməsi isə ölkəmizin sərmayə
baxımından nə qədər cazibədar və sabit olduğunu sübut edir.
Azərbaycan
bu gün enerji sektorunda ikiqat liderliyə iddialıdır – həm karbohidrogen
ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasında, həm də bərpaolunan
enerji sahəsində strateji dönüş nöqtəsində. Cənab Prezident İlham Əliyevin
dediyi kimi: “Enerji bazarında məsuliyyətli aktor, real hədəfləri qarşısına
qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın
mirası məhz bundan ibarətdir.” Bəli, bu gün enerji siyasəti artıq sadəcə resurs
deyil, strateji və mənəvi məsuliyyətdir. Azərbaycan isə bu məsuliyyəti üzərinə
götürən, ona sadiq qalan və onu qlobal platformalarda uğurla təqdim edən dövlət
olaraq çıxış edir. Bu yol yaşıl enerjiyə, ədalətli enerji bölüşdürülməsinə və
beynəlxalq etimada aparan yoldur.
Səyavuş Məmmədov,
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



