Zəfərimiz- Heydər Əliyev ideyalarının təntənəsidir

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi
illər xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunmuş bir dövrdür. Ulu Öndərin ideyaları
əsasında həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm
nailiyyətlər qazanılmış, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş,
qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. Heydər Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi
gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin
güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti
Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında – tarixi ədalətin bərpasında
həlledici rol oynamışdır. Ümummilli
Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və
qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir.
Ulu Öndərin dahiyanə söylədiyi “Vaxt
gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamının təsdiqi olaraq bu gün
məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində müasir, müstəqil, suveren Azərbaycan qurulmuşdur.
Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və
tolerantlıq mühitinin hökm sürdüyü beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib
və qüdrətli dövlət kimi tanınır.
Azərbaycanın
gücünü müəyyən edən əsas strateji amil Prezident İlham Əliyevin tarixi
ənənələri, milli dəyərləri, əxlaqi-mənəvi normaları daim üstün tutaraq, dahi
şəxsiyyət Heydər Əliyevin zəngin irsindən bəhrələnərək onun siyasətini
keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirməsidir. Tarix təsdiqləyir ki,
Azərbaycanda Heydər Əliyev siyasətinə, Heydər Əliyev yoluna alternativ yoxdur. Bu
yol yalnız müstəqillik illərimizin deyil, hələ Sovetlər dönəmində, 1969-cu
ildən başlayaraq qət edilən şərəfli yoldur. Ulu Öndər Heydər Əliyevin xalqın
iradəsi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə
etdiyi tarixi imkandan faydalanaraq müstəqil dövlətçilik arzusunu əbədi
reallaşdırmasını təmin etdi. 1993-2003-cü illər ərzində Heydər Əliyevin
dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirildi
və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə
davam etdirilməkdədir. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin
yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli
Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini
qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər
Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan,
həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə
Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən
görürdü və onun siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi
qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların
yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu
Öndərin bu uzaqgörənliyi sayəsində
Azərbaycan ordusu məhz bu gün dünyada qalib dövlətin ordusu kimi tanınır.
O bütün
ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Bütün bunlar gənc nəsil üçün
həm dövlətçilik ənənələrini dərk etmək, həm də üzərlərinə düşən
məsuliyyəti anlamaq baxımından bir nümunədir. Dəmir yumruq əməliyyatı ilə
torpaqlarımızın işğaldan azad olunması xalqımızın milli birlik nümunəsidir, Heydər
Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya
hərbi gücünü və milli gücünü göstərərək,dünyada qalib ölkə kimi tanındı. Bu,
Heydər Əliyev siyasətinin bəhrəsidir. Heydər Əliyev bildirirdi ki,
müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi
olması bundan da çətindir. Ərazi bütövlüyümüzün təmin
olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi
üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev
Azərbaycanın xilaskarı, memarı və qurucusudur. Heydər Əliyev dünənimizdə, bu
günümüzdə, sabahımızdadır. Heydər Əliyev Azərbaycanın dövlətçilik
tarixində misilsiz rolu olan, xalqımızın milli qürur mənbəyinə çevrilən bir
liderdir. Bu gün Azərbaycan Ulu Öndərin böyük uzaqgörənliklə istiqamətləndirdiyi
və mayak kimi işıqlandırdığı yolla gələcəyə inamlı addımlarla irəliləyir.
Heydər Əliyevin zaman baxımından reallaşdıra bilmədiyi bircə arzusu qalmışdı.
O, Azərbaycanı bütöv, Qarabağı azad görmək istəyirdi. Ulu Öndər bu arzusunun
reallaşmasını da daim arxalandığı xalqının dəstəyi ilə özü qədər inandığı İlham
Əliyevə vəsiyyət etdi. Bu böyük məsələnin çözümü də böyük müdriklik, böyük
uzaqgörənlik, böyük əzm və qətiyyət tələb edirdi. Nəyi, nə vaxt və necə
edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyev 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı
və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində
böyük Zəfərə imza atdı, 30 ilə yaxın işğalda qalan torpaqlarımızı
düşməndən azad etdi. Bu Zəfərlə yalnız 30 ilin deyil, əsrlərin qisası alındı.
Azərbaycan Ordusu Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik
siyasət nəticəsində gündən-günə daha da güclənir, döyüş qabiliyyətini artırır. Vətənə,
xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü
imzası qədər dəyərli olan Müzəffər Ali
Baş Komandan, cənab İlham Əliyev
Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımızın rifahının daha da
yüksəldilməsinə yönəlmiş siyasəti ilə Azərbaycana hələ böyük uğurlar, yeni
zəfərlər, zirvələr bəxş edəcəkdir. Bundan sonra da qazanılacaq bütün nailiyyət
və qələbələr Heydər Əliyev siyasətinin dönməzliyinin, əbədiliyinin təsdiqi,
cənab İlham Əliyevin Zəfər yürüşünün davamı olacaqdır.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin
kiçik elmi işçisi Əzizova Lena
Digər xəbərlər



